Salman Mümtaz

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Salman Mümtaz
Salman Məmmədəmin oğlu Əsgərov
Salman Mümtaz
Doğum tarixi 20 may 1884(1884-05-20)[1]
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 6 sentyabr 1941 (57 yaşında)[1]
Vəfat yeri Oryol yaxınlığındakı Medvedski meşəsi, Orlov vilayəti, SSRİ
Vəfat səbəbi Repressiya edilib
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi Ədəbiyyatşünaslıq
İş yeri SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat institutu
Tanınır Şair, ədəbiyyatşünas, publisist, mətnşünas və biblioqraf; Azərbaycan klassik ədəbiyyatı əsərlərinin və Azərbaycan aşıq poeziyası nümunələrinin naşiri; orta əsr əlyazmalarının kolleksiyaçısı; bir sıra Azərbaycan klassiklərinin elmi-tənqidi mətnlərinin müəllifi

Salman Mümtaz[qeyd 1] (az.: Salman Məmmədəmin oğlu Əsgərov‎; d. 20 may 1884, Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası; ö. 6 sentyabr 1941, Oryol, SSRİ) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Dil və ədəbiyyat institutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929—1932).

Aşqabadda oxuyub. 1910-cu ildən “Molla Nəsrəddin” və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.[2]

Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabrında Oryol şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir. Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.

Həyatı[redaktə]

Erkən illəri[redaktə]

Salman Məmmədəmin oğlu Əsgərov 20 may 1884-cü ildə Nuxanın Gəncəli məhəlləsində anadan olub. Salmanın atası Məmmədəmin tacir idi və ailəsi uzun müddət Orta Asiyada yaşayırdı.

Salmanın babası Ağaəsgər Şəkinin varlı sakinlərdən biri idi. Onun ölümündən az sonra xanımı da dünyasını dəyişir və evləri də yanır. Yetim qalan, Məmmədəmin zərgər yanında şagird işləyir. Məşhəd ziyarətindən geri dönəndə oranın iqtisadi durumu ilə maraqlanır. Əlindəki vəsaitlə var-dövlət qazanmağın mümkün olacağını görüb Şəkiyə qayıtmır. O, qısa müddətdə Aşqabadda karvaransara, dükan, torpaq sahibinə çevrilir. Atası Məmmədəmin ailəsini Aşqabada gətirmək istiyəndə, pnevmoniyadan 32 yaşında dünyasını dəyişir.

Atası öləndə Salmanın 3 yaşı vardı. Anası Məşhədi Zəhra xanım övladları Salman və Əsgəri də götürüb 1900-cü ildə Aşqabada gedir. Mirzə Fətəli Axundovun uzaq qohumu olan anası Zəhra ağıllı və bacarıqlı qadın idi. Zəhra xanım qardaşları Kərbəlayı Mövsüm və Kərbəlayı Əsgəri də yanına apararaq ərindən qalmış var-dövlətə sahib çıxır və onu idarə edir. Hələ onlar balaca ikən adlarına iri bir sandıq ayırır, uşaqlar böyüyənə qədər içini qızılla doldurur (Həmin qızılları bir qədər sonra Salman Mümtaz Azərbaycan əlyazma kitablarını almağa, saysız xeyriyyə işlərinə xərclədi).

Mollaxanada cəmi üç ay təhsil alan Salman kiçik yaşlarında ticarətdə dayılarına kömək etməklə yanaşı, Aşqabadda işləri ilə əlaqədar orada yaşadığından Salman müntəzəm, ardıcıl təhsil ala bilmir. Lakin dərin hafizəsi, sözə, ədəbiyyata həvəsi, bir neçə dil bilməsi gələcəkdə ona bir şəxsiyyət kimi formalaşmasında kömək edir. İlk müəllimi Mirzə Əsədulla tərəfindən ərəb və fars dillərini, Hindistanda geniş yayılmış urdu dilini öyrənən Salman Mümtaz Şərq aləmini və Azərbaycanın klassik yazarlarını daha geniş mütaliəyə başlayır, yaradıcı şəxsiyyətləri, ədəbi nümunələri dərindən öyrənir, təhlil və izahlarla birlikdə nəşr etdirir. Türk dillərinə də böyük marağı olduğundan özbək dili, qırğız və türkmən dillərini də öyrənmişdi. 1893-cü ildə doqquz yaşında ikən Aşqabadda Mirzə Ələkbər Sabirlə görüşür. Bu görüş Salmanda ədəbiyyata güçlü maraq oyadır.

Dayısı Kərbalayı Mövsümün dükanında ticarətlə məşqul olan Salman yavaş-yavaş türk (Azərbaycan) əlyazmalarını toplamağa başlayır.

"Molla Nəsrəddin" ilə əməkdaşlıq[redaktə]

Azərbaycan satirik jurnalı “Molla Nəsrəddin” Tiflisdə nəşr olunmağa başlandıqdan sonra, Mümtaz jurnalın müəllifləri arasında öz yerini aldı. O dövrdə klassik üslubda şeirlər yazmışdır. O və yoldaşları Aşqabadda ədəbi məclis yaratmışdılar.Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur qeyd edir ki, 1908-1909-cu illərdə S.Mümtaz “Molla Nəsrəddin” jurnalı başda olmaqla “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnalları və “Səda”, “Günəş”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərin səhifələrində vətən sevgisini, vətənə bağlanmaqla yanaşı, vətənin işinə kara gəlmək, xalqın unudulmuşlarını aramaq, millətin azadlığı naminə fəaliyyətini bir daha sübut etmişdi.

1906-cı il onun düşüncələrində dönüş yaradır: Aşqabada da gəlib çıxan "Molla Nəsrəddin" məcmuəsiylə yazışır, ona çoxlu xırda xəbərlər, bəzən də şeirlər göndərir.

O, şeir və publistik məqalələr yazmaqla kifayətlənmir, elmi axtarışlara da böyük maraq göstərirdi. 1910-cu ildə iki həftəyə yaxın Bakıda olduğu zaman Azərbaycan aydınları ilə sıx ünsiyyətdə olur, Mirzə Ələkbər Sabirlə tez-tez görüşür, ondan olduqca maraqlı bir müsahibə də alır.

Ədəbiyyat sahəsində araşdırmaları[redaktə]

Azərbaycan klassiklərinin həyatı və yaradıcılığının öyrənilməsi[redaktə]

1933-cü ildə yeni yaradılan SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında kiçik elmi işləyən Salmaz Mümtaz 483 Azərbaycan şairinin siyahısını tutur, onların həyat və yaradıcılıqlarının öyrənilməsinin vacibliyini vurğulayır. 104 şairin haqqında isə özünün geniş araşdırma apardığını göstərir.

Folklor araşdırmaları[redaktə]

Salman Mümtaz ədəbiyyatı iki hissəyə bölürdü: klassik və xalq (söz sənəti, folklor). O, Azərbaycan folklorunu və nəşrlərini toplamağa çalışırdı.

İstinadlar[redaktə]

  1. 1,0 1,1 Немецкая национальная библиотека, Берлинская государственная библиотека, Баварская государственная библиотека и др. Record #130564753 // Общий нормативный контроль (GND) — 2012—2016.
  2. Мумтаз Салман Мамедаминоглы // Энциклопедический словарь псевдонимов / Под ред. С. Колосова. — 2009.

Qeydlər[redaktə]

  1. "Mümtaz" sözü ərəbcədən tərcümədə (ərəb. ممتاز) “seçilmiş”, “digərlərindən fərqlənən” mənasını verir.