Badisəba Köçərli (Vəkilova)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Badisəba Köçərli
Badisəba Mustafa Ağa qızı Köçərli (Vəkilova)
Badisəba Köçərli
Doğum tarixi 22 mart 1881(1881-03-22)
Doğum yeri Salahlı qəzası, Qazax mahalı
Vəfat tarixi 1954(1954-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı
Həyat yoldaşı Firidun bəy Köçərli

Badisəba Mustafa Ağa qızı Köçərli (Vəkilova) — azərbaycanlı maarifpərvər.

Həyatı[redaktə]

Badisəba Mustafa qızı Vəkilova 1881-ci il mart ayının 22-də Qazax mahalının Salahlı qəzasında dünyaya gəlmişdir. Azərbaycan tarixində məşhur soyad olan Vəkilovlar nəslinin nümayəndəsi olan Badisəba xanım sadə, kasıb bir ailədə böyümüşdür. O, xalq şairi Səməd Vurğunun ata qohumlarından idi. Badisəba xanım 1897-ci ildə Firidun bəy Köçərli ilə ailə həyatı qurdu və 23 il birlikdə ömür sürdülər. Lakin Tanrı onlara övlad sevinci bəxş etmədi. Bu, onların münasibətində soyuqluq yaratmadı, cütlük birgə həyatlarını son dərəcə mehriban yaşadılar. İşıqlı amallar yolunda məsləkdaş oldular.

Firidun bəy Şuşada adlı-sanlı ailənin övladı olmasına baxmayaraq həmişə yoxsul ailələrin uşaqları ilə dostluq edərdi. O, Qori Müəllimlər Seminariyasında Badisəba xanımın qardaşları Məmməd ağa və İsmayıl ağa ilə birlikdə təhsil almışdır. Bu illərdə gənclərin arasında möhkəm dostluq münasibətləri yaranmışdı. Elə bu məhrəmliyin nəticəsində Firidun bəy Salahlıda Vəkilovların evində qonaq olmuş, Badisəba xanımı da burda görüb-bəyənmiş, onunla evlənmişdi.

Badisəba xanım Firidun bəylə ailə quranda heç bir təhsil almamışdı. Lakin Firidun bəy onunla fərdi qaydada məşğul olmuş və sonradan onun təhsil almasına kömək etmişdir. Son dərəcə mədəni, elmli, yüksək zövqə malik olan Firidun bəyin müasir düşüncəli, açıq fikirli olması Badisəba xanımın həyatında özünün mükəmməl təsirini göstərmişdir. O, təhsil almaqla yanaşı öz üzərində çalışaraq, cəmiyyətdə layiqli yerini tutmağa səy göstərirdi. Çünki o, savadsızlığın insan həyatında nə kimi bəlalar törətdiyini, milləti qaranlıqlar içərisində yaşatdığını bilirdi. O da Firidun bəy kimi millətini savadsızlıqdan, cəhalətdən qurtarmaq üçün mübarizə yolları arayır, uşaqlar və qadınlar arasında maarifləndirmə işləri aparırdı. Badisəba xanım Firidun bəylə birlikdə uzun illər uşaqların təlim-tərbiyəsi, təhsili ilə məşğul olmuş, onların valideyn kimi qayğısını çəkmiş, hər birinin cəmiyyətə layiqli övlad olmasına, şəxsiyyət kimi formalaşmasına çalışmışlar.

Badisəba xanım tanınmış Vəkilovlar nəslinə mənsub olsa da o, ömür-gün yoldaşı Firidun bəy Köçərlinin soyadını daşıması ilə də qürur duyurdu. O, hər kəsə can yandırdığına, dərdinə qalaraq əlindən gələn köməyi göstərdiyinə görə adı hər yerdə “el anası” kimi çağrılırdı.

Badisəba xanım Köçərli öz şəxsi vəsaiti hesabına Qazaxda ilk dəfə “Yetim və qaçqın uşaqlar evi” açmış və orada məskunlaşan onlarla kimsəsiz uşaqlara analıq etmişdir. Araşdırmalar zamanı Azərbaycanda ilk uşaq evinin tarixçəsi ilə bağlı maraqlı məlumatlarla qarşılaşırıq. Belə ki, H.Cümşüdlünün “Badisəba” adlı iki hissəli sənədli povestindən aydın olur ki, Firidun bəylə Badisəba xanımın ürəklərindən keçirdikləri “Uşaq evi” açmaq arzusu bir təsadüf nəticəsində həyata keçmişdir.

Povestdə oxuyuruq: “Firidun bəy təbiət aşiqi idi. Təbiəti seyr etməkdən zövq alan Firidun bəy yenə bir gün çayın uğultusunu dinləmək məqsədilə çayın kənarına gəlir. Həmişə gurultu ilə axan Ağstafa çayı bu gün nədənsə susmuşdu. Hava şaxta olsa da adama ləzzət verirdi. Firidun bəy soyuq qış havasında ondan xeyli aralıda ocaq qalandığını və ocağın ətrafında bir neçə uşağın olduğunu görür. Firidun bəy astaca onlara yaxınlaşır. Üst-başları cır-cındır içində olan uşaqlar oyuğun qabağında ocaq qalayıb qızınırdılar. Söhbətdən məlum olur ki, qaçaqlar bu uşaqların yaşadıqları kəndi dağıdıb, yandırıblar. Uşaqlar qarışıqlıqda valideynlərini itirib və başlarını götürüb gecə ikən hara gəldi qaçıblar. Bu söhbətdən çox mütəəssir olan Firidun bəy bu beş uşağı da götürüb evinə gətirir və ər-arvad onları yedirdib, içirdib rahatladıqdan sonra balacaların gələcək taleləri haqqında düşünməyə başlayırlar”. Badisəba xanım Firidun bəyin rahat və səmərəli işləməsindən ötrü onu həvəsləndirir, əqidə, məslək dostu kimi ona hər cür köməklik göstərirdi. Böyük ədəbiyyatşünasın əsərləri üzərində düzəlişlərindən sonra səbrlə yazılarının üzünü çıxarırdı.

Doğrudur, Badisəba xanım maarifçilk yolunda təkbaşına mübarizə aparmamışdır. Həmin dövrdə bir çox maarifpərvər qadınlarımız da mühitin özünün doğurduğu çətinliklərə baxmayaraq savadsızlığa qarşı ideoloji mübarizə aparırdılar.

O zaman Bakı və Tiflis qadın məktəbinin müəllimi Gövhər Qayıbova (1885-1944), Naxçıvanda ilk qadın müəllim Fatma Hacınskaya, görkəmli dramaturq Nəcəfbəy Vəzirovun həyat yoldaşı Xurşud xanım Vəzirova (1868-1913), qızı Sara xanım Vəzirova (1889-1961) və başqaları da müəllimlik sənəti ilə bərabər savadsız qadınlar arasında maarifçilik ideyalarını yayırdılar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sahəsində Badisəba xanımın atdığı ilk ciddi və xeyirxah addım onun yenicə təşkil edilməkdə olan xalq məktəblərinə köməyi ilə əlaqədardır. O, Qazax məktəblərinə maddi cəhətdən xeyli kömək etmiş, M.F.Axundovun, C.Məmmədquluzadənin, R.Əfəndiyevin, F.Köçərlinin və başqa yazıçıların əsərlərini, habelə bir çox jurnalların komplektlərini onlara bağışlamışdır. 1991-ci ildə Bakı pedaqoji texnikumuna tərbiyəçi təyin edilən Badisəba xanım işləyə-işləyə pedaqoji institutda oxumuş, 1925-ci ildə isə pedaqoji texnikum təşkil etmək üçün Zaqatalaya göndərilmişdi. Elə həmin il Badisəba xanım F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”nı çap etdirmək üçün Azərnəşrə təqdim etmişdir.

Badisəba xanımın tərcümeyi-halında qeyd olunmuş əmək fəaliyyəti—1921-1924-cü illərdə Bakı qadın seminariyasının müəllimi, 1925-1929-cu illərdə Zaqatala pedaqoji texnikumunun direktoru, 1930-1954-ci illərdə Şəki uşaq evinin direktoru vəzifələrində çalışması, uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsi, maarifin, mədəniyyətin inkişafına bütün ömrünü həsr etməsi, onun mübarizələr dolu bir həyat yaşadığını söyləməyə əsas verir.

Badisəba xanımın Azərbaycan qadınlarına xas olan keyfiyyətləri - təmkini, təvazökarlığı, qayğıkeşliyi, ədəb-ərkanı, ailəcanlı olması, nəcib və mülayim xasiyyəti onu həm xalqının, həm də uşaqların nəzərində ucaltmışdı. Badisəba xanımın tərbiyə etdiyi uşaqlar onu ana qədər sevir, ona hörmət edirdilər. Bu hörmət, məhəbbət o uşaqların “Uşaq evi”ni tərk etdikdən sonra da qəlbində yaşayırdı. Tez-tez sevimli müəllimlərinin görüşünə gələn uşaqlar, ailə qurduqdan sonra da Badisəba xanıma ağbirçək ana, nənə kimi diqqət göstərirdilər. Badisəba Köçərli uzun illər uşaqların təlim-tərbiyəsində fədakarlıqla çalışdığına görə “Şərəf Nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə mükafatlandırılmış, 1945-ci ildə isə Azərbaycan SSR-in Əməkdar müəllimi adını almışdır.

Badisəba xanımın vəfatından uzun illər keçsə də (1954) Şəkidə hər kəs onun adını hörmətlə yad edir və vaxtilə çalışdığı “Şəki uşaq evi”ni bu gün də Badisəbanın uşaq evi adlandırırlar. Bu, xalqına, millətin balalarına qəlbən bağlı olan Badisəba Köçərliyə bəslənilən hörmətin, ehtiramın təzahürüdür.

Pərixanım MİKAYILQIZI, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin aparıcı məsləhətçisi, şöbə müdiri.

Badisəba xanım həyat yoldaşı Firidun bəylə

İstifadə edilmiş mənbələr[redaktə]

Xarici keçidlər[redaktə]