Bu məqalə seçilmişlər sırasına daxildirdir

Nuxa Üçmüqəddəs kilsəsi

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Tarixi abidə
Üçmüqəddəs kilsəsi
rus.: Нухинская трехсвятительская церковь
Keçmiş Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il
Keçmiş Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il
Ölkə Azərbaycan
Şəhər Şəki
Arxitektura üslubu Toskan ordeni
İlk xatırlanma 1846
Təməlinin qoyulması
tarixi
XVIII-XIX əsrlər[1]; XIX əsr[2][3]
Status muzey
Material rakovist və yonulmuş çay daşı, kərpic
Nuxa Üçmüqəddəs kilsəsi (Yuxarı Baş)
Red pog.png
Koordinatlar 41°12′13″N 47°11′48″E / 41.203520°N 47.196688°E / 41.203520; 47.196688 Map marker.svg41°12′13″N 47°11′48″E / 41.203520°N 47.196688°E / 41.203520; 47.196688

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə[qeyd 1] pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır[2] və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub .

Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər.

Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib[4].

Tarixi

1846-cı ilin “Kafkaz” qəzetində Nuxa şəhərindəki qalada rakovist daşlardan tikilmiş Toskan ordeni arxitekturası üslubundа gözəl bir pravoslav kilsəsinin mövcud olması barədə məlumat gedib[5]. Rus etnoqrafı İosif Seqal isə 1902-ci ildə çap olunmuş kitabında bu kilsənin 1828-ci ildə fəaliyyətə başladığını göstərir; İosif Seqala görə 1828-ci ildən əvvəl həmin kilsənin binası xanın məscidi olubmuş və qeyd edilən ildə ruslar həmin məscidi kilsəyə çeviriblərmiş[6]. Lakin 1819-cu ildə tərtib edilmiş “Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında” raportda indiki Xan sarayının və ətrafındakı tikililərin vəziyyəti təsvir edilərkən, kilsənin koordinatına uyğun olan yerdə hansısa tikilinin olması barədə heç bir qeydə yer verilməyib[qeyd 2].

1852-ci il mənbəsində Nuxa şəhərində bir pravoslav kilsəsinin olması və həmin kilsədə bir keşişin və iki kilsə xidmətçisinin fəaliyyət göstərməsi qeyd olunub[7].

Keşişlərin siyahısı, digər kilsə xidmətçiləri və aid olduğu yeparxiya

Şəki şəhərindəki sabiq pravoslav kilsəsi binasının cənub tərəfində David Utiyevin qəbri.
Üçmüqəddəs: Basil Qeysəriyyəli (Böyük Vasili), Qriqor Nazianzen, İoann Xrisostom.
  1. Yevstafi Xusiyev, 1851 – 1867;
  2. Semyon Begiyev, 1868 – 1876;
  3. İrodion Nanobov, 1877 – 1884;
  4. Vasili Karbelov, 1885 – 1887;
  5. Canayev, 1888 – 1889;
  6. David Utiyev, 1890 – dekabr 1919.

1894 – 1896-cı illər üçün kilsədə zəbur oxuyanın (rus.: псаломщик) adı Qavriil Peçenski idi.

Kilsə 1905-ci ildə Gürcüstan yeparxiyasının tabeçiliyində olub[8].

Kilsə binasının memarlıq xüsusiyyətləri

Nuxa şəhərindəki qalanın 1853-cü ildə tərtib olunmuş planı[qeyd 3].

Kilsə binası əvvəl rakovist daşlar ilə Toskan ordeni arxitekturası üslubunda dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən yonulmuş çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır. Bu iş 1846 – 1853-cü illər arasında baş vermişdir. Belə ki 1846-ci ilin “Kafkaz” qəzetində kilsə binasının Toskan ordeni arxitekturası üslubunda, rakovist daşlardan tikilməsi barədə məlumat verilirsə, qalanın 1853-cü il planında kilsə binası artıq xaç şəklinə salınmış əlavələri ilə birlikdə göstərilir.

Kilsə binasının ilkin təyinatı ilə bağlı iddialar və ehtimallar

XX əsrin ortalarında mütəxəssislər Nuxadakı qala ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha sahəni əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir[9], baxmayaraq ki, 1853-cü ildən indiyə qədər qalada heç bir məscid yoxdur. Görünür, burada daha köhnə hesab edilmiş məscid deyildikdə sabiq Üçmüqəddəs kilsəsinin binası nəzərdə tutulmuşdur. Səbəb isə bu ola bilər ki, İosif Seqalın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarında iddia edilmişdir ki, ruslar 1828-ci ildə xanın qaladakı məscidini pravoslav kilsəsinə çevirmişlər[6][10].

Bəzi tədqiqatçılar kilsə binasını Qafqaz Albaniyası dövrünə – V-VI əsrlərə, aid etməyə çalışıblar[11].

Məlum olduğu kimi, kilsənin yerləşdiyi qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda ərəb əlifbası ilə “Məhəmməd... (xan)” kimi oxunur[12]. Ehtimallar irəli sürülüb ki, bu oxunuşda kilsə binası ilkin dairəvi görkəmi ilə “Nun” hərfinin nöqtəsi ola bilər; başqa sözlə, kilsə binası “Nun” hərfinin nöqtəsi olaraq tikilmişdir[13].

Kilsə binasının şərq tərəfindəki ərazi

Rusiya İmperiyası dövründə Nuxada vəfat etmiş bir-neçə yüksək çinli rus məmurunun qəbri hal-hazırda kilsənin şərq tərəfindəki torpaq sahəsindədir. Mümkündür ki həmin ərazi ruslara məxsus qəbiristanlıq olmuş və orada daha çox sayda rus məmuru, rus hərbi qulluqçusu dəfn edilmişdir.

Qeydlər

  1. Aleksey Yermolov Qafqaz canişini olarkən (1816–1827) Vartaşen kəndində pravoslav udinlər üçün kilsə tikdirmişdir (Кавказ 1853, с. 263-266). Lakin hansısa səbəbdənsə, statistik məlumatlarda həmin kilsə qeyd edilmirdi .
  2. Şəki xan sarayı həyətinin köhnə qapısının yeri; həyətin içərisindən görünüş; bu qapının qarşısında 20-ci əsrin 90-cı illərinə qədər kiçik, 2x2 m ölçülü kilsə vardı və bu kilsə 1828-ci ildə xanın ev məscidinin yerində yaradılmışdı.

    Raportda Məhəmmədhəsən xanın evindən aşağıda, evə giriş qapısının solunda xanın şəxsi ibadətxanasının olması göstərilir, amma 2X2 m ölçülü həmin kiçik kilsə, Məhəmmədhəsən xanın evinin içində olmuşdur və XX əsrin 90-cı illərinə qədər orada kiçik bir kilsə vardı və rusların kilsəyə çevirdikləri məscidə bu daha çox uyğun gəlir. Üçmüqəddəs kilsəsi isə oradan azı 50 metr cənubdadır.

    Raportda qaladakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra həm də qeyd edilib ki, "qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur". Bu qeyd qalada mövcud olan tikililərdən bəzilərinin raportda göstərilmədiyinə bir işarədir və bu səbəbdən də Üçmüqəddəs kilsəsi binasının 1819-cu ildə mövcud olub-olmamasını həmin sənəd əsasında dəqiqləşdirmək də mümkün deyil (Описание Шекинской провинции 1866).

  3. Bu şəkil 1988-cı ildə çap olunmuş kitabdan götürülmüşdür; kitabın müəllifləri Üçmüqəddəs kilsəsini "məscid" (№2) adıyla işarələyiblər.

İstinadlar

  1. ASE, 1987, s. 500.
  2. 2,0 2,1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 2001.
  3. Гаджиева C. Х. 2012, с. 2.
  4. Кавказский календарь 1911, с. 106.
  5. (Нуха 1846, сс. 95-96)
  6. 6,0 6,1 Сегаль 1902, с. 15.
  7. Кавказский календарь 1852, с. 388.
  8. Церковныя вѣдомости 1905, с. 78.
  9. Дадашев С. А., Усейнов М. А. 1948, с. 21.
  10. Rəşid bəy Əfəndiyev 1925.
  11. Мамедова Г. Г. 2004, сс. 42-43.
  12. Firudin bəy Köçərli. 2005, s. 397.
  13. Məmmədov A. S. 2016, s. 4.

Ədəbiyyat

  1. Şəki // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] / baş red. C. B. Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səh.: 500. — 80.000 nüsx.
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (2001-08-02). "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" (in Azer.). e-qanun.az. Archived from the original on 8 Dec 2015. https://web.archive.org/web/20180709180722/http://www.e-qanun.az/framework/2847. 
  3. Гаджиева C. Х. Дворцовые сооружения города Шеки // Архитектура и современные информационные технологии. — Баку, 2012. — № 3 (20). Arxivləşdirilibdir birinci mənbədən 19 sentyabr 2016.
  4. А. С. Об удинах, обитающих в Нухинском уезде Шемахинской губернии // Кавказ. — Тифлис, 1853. — № 61.
  5. Метеорологический отдел // Кавказский календарь. — Тифлис, 1911. — С. 106.
  6. Нуха // Кавказ. — Тифлис, 1846. — № 24.
  7. Сегаль И. Л. Елисаветпольская губернии. Впечатления и воспоминания. — Тифлис, 1902. — С. 15.
  8. Опись: строениям и прочим заведениям ханским в городе Нухе и вне оного: В крепости // Описание Шекинской провинции / составленное в 1819 году, по распоряжению главноуправляющего в Грузии Ермолова, генерал-майором Ахвердовым и статским советником Могилевским. — Тифлис: Типография главного управления наместника кавказского, 1866.
  9. III Перечен/Церкви: // Кавказский календарь. — Тифлис, 1852. — С. 106.
  10. Церковныя Вѣдомости // При Святѣйшемъ Правительствующему Сунодѣ. — С.-Петербург: Сѵнодальная Типографія, 1905. — С. 175. Arxivləşdirilibdir birinci mənbədən 12 sentyabr 2019.
  11. Дадашев С. А., Усейнов М. А. Архитектура Азербайджана. — М.: Академии архитектуры СССР, 1948. — С. 21.
  12. Rəşid bəy Əfəndiyev (1925). "Nuxa qəzasındakı asarü-ətiqələr haqqında" (in Azrerb.). Bakı: https://sites.google.com/site/shekitarixi/.+Archived+from the original on 04.07.2012. https://web.archive.org/web/20151206004504/http://docs.google.com/viewer?a=v&pid=sites&srcid=ZGVmYXVsdGRvbWFpbnxzaGVraXRhcml4aXxneDo1NTljM2E3Y2ZmNDVhMTQ3. 
  13. Мамедова Г. Г. Зодчество Кавказской Албании. — Баку: Casioglu, 2004. — ISBN 9952-27-021-6.
  14. Firudin bəy Köçərli. Mirzə Fətəli Axundov // Azərbaycan ədəbiyyatı. — Bakı: Avrasiya-Press, 2005. — I  cild. — Səh.: 397.
  15. Məmmədov A. S. Üç-Müqəddəs kilsəsi // Şəkinin səsi. — 2016. — № 1 (441). Arxivləşdirilibdir birinci mənbədən 23 mart 2019.

Həmçinin bax

Vikianbarda Nuxa Üçmüqəddəs kilsəsi ilə əlaqəli mediafayllar var.