Ələfsər Rəhimov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Ələfsər Rəhimov
Ələfsər Məmmədrəhim oğlu Rəhimov
Ələfsər Rəhimov
Sənətkar haqqında məlumatlar:
Doğum tarixi 5 may 1930(1930-05-05)
Vəfat tarixi 1 dekabr 1984 (54 yaşında)
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ

Musiqi aləti zurna, balaban, kaboy və klarnet

Ələfsər Məmmədrəhim oğlu Rəhimov (Ələfsər Şəkili) — tanınmış zurna ifaçısı; zurna alətində yenilik edərək onda səkkizinci dəliyi açmış, bu alətin imkanlarının artmasına, daha gözəl səslənməsinə nail olmuşdur.

Azərbaycan SSR gənclərinin 1956, 1957 və 1962-ci illərdə Bakıda keçirilmiş festivallarında laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və qızıl medalla mükafatlandırılmışdır. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənət və Ədəbiyyatı günlərində “Şəki toyu” rəqs kollektivini bacarıqla müşayiət edən zurnaçılar dəstəsinə rəhbərlik edib.

1963-1967-ci illərdə Nuxa Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb.

1962-1977-ci illərdə Nuxa/Şəki Şəhər Mədəniyyət Evində bədii rəhbər və direktor vəzifəsində çalışıb.

1967-ci ildə Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub.

1974-cü ildə ifa etdiyi “Şur”, “Segah”, “Qatar” muğamları, “Şəki yallısı”, “Cəngi”, “Koroğlu”, “Pəhləvani” və digər rəqslər Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilib.

1977-ci ildə isə zəhmətkeşlərin bədii yaradıcılıq festivalının laureatı olub.

Zurnaçılar dəstəsi ilə birlikdə “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” filmlərinə çəkilib.

Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Aşıq Şəmşir və başqaları ona şeirlər həsr etmişlər. Bəxtiyar Vahabzadə Ələfsər Rəhimov haqqında demişdir: “Mən hər dəfə Ələfsəri dinləyəndə ayaqlarım yerindən üzülür, xalqımın keçdiyi min illik yollarından keçir, tariximizə – ulu babalarımızın ruhuna qovuşuram”.

1983-cü ilin may-iyun aylarında Fransada keçirilən beynəlxalq musiqi festivalında, 1984-cü ilin mayında isə Belçikada Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrı ilə birlikdə qastrol səfərində iştirak edib.

1984-cü ilin noyabr ayının 30-da qardaşının evində – ailə münaqişəsi zəminində öz qohumu tərəfindən bıçaqlanmış, dekabrın 1-də xəstəxanada dünyasını dəyişmişdir.

1990-cı ildə onun 60, 2000-ci ildə 70 illik yubileyləri keçirilmişdir. 2010-cu ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəkidə görkəmli el sənətkarının 80 illiyinə həsr olunmuş “Milli nəfəs alətləri” bayramı təşkil olunub.

Ələfsər Rəhimovun nəvəsi Ələfsər Rəhimov Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun fəal üzvlərindən biri olub.

Şəki Şəhər Mərkəzi Mədəniyyət Evində Ələfsər Şəkili adına zurnaçılar ansamblı fəaliyyət göstərib.

İstifadə edilmiş əsas mənbələr[redaktə]