Niyazi Səmədov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Niyazi Səmədov
Niyazi Həmid oğlu Səmədov
Niyazi Səmədov
Doğum tarixi 31 dekabr 1916(1916-12-31)
Doğum yeri Şəki
Elm sahəsi entomoloq

Niyazi Həmid oğlu SəmədovAMEA-nın müxbir üzvü, tanınmış entomoloq, Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, ASE və qırmızı kitabın müəlliflərindən biri.

Həyatı[redaktə]

1916-cı il dekabrın 31-də Şəki şəhərində anadan olmuşdur. 1932-ci ildə Şəki Kənd Təsərrüfatı texnikumunun ipəkçilik bölməsini bitirmişdir. 1933-1935-ci illərdə Qəbələ və Ağdaş barama – toxumu müəssisələrində ipəkçi-texnoloq vəzifəsində işləmişdir. 1941-ci ildə Daşkənd Kənd Təsərrüfatı institutunun ipəkçilik fakultəsini bitirmişdi. 1941-1946-cı illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmiş və 1946-cı ildə baş leytenant rütbəsində ordu sıralarından tərxis olunmuşdur. 1947-ci ildə Azərbaycan EA-nın Zoologiya institutuna gəlmişdir. O, əvvəlcə kiçik elmi işçi, 1954-cü ildə isə baş elmi işçi vəzifəsinə seçilmişdir.

N.Səmədov 1951-ci ildə «Azərbaycanda Labrus cinsindən olan taxıl böcəkləri və onlara qarşı mübarizə tədbirləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə elmi hissə üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş və 1961-ci ilə kimi bu vəzifədə fəaliyyət göstərmişdir. N.Səmədov 1957-ci ildən ömrünün sonuna kimi Entomologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə «Azərbaycanda kənd təsərrüfatı bitkilərinə ziyan verən böcəklərin fauna və biologiyası» mövzusunda doktoruq dissertasiyası müdafiə etmiş, 1971-ci ildə professor elmi adına layiq görülmüşdür.

Professor N.Səmədov 1972-ci ildə Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü, 1979-cu ildə Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü və Beynəlxalq Təbiəti Mühafizə İttifaqı dağ komitəsinin sədr müavini, zoologiya və entomologiya elminin inkişafındakı nailiyy1ətlərinə və xidmətlərinə görə 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. O, həm də əməkdar elm xadimi kimi yüksək ada layiq görülmüşdür. N.Səmədovun apardığı elmi-tədqiqat işləri, əsasən, böcəklər dəstəsinin öyrənilməsinə, başlıca növlərin bioloji xüsusiyyətlərinin tədqiqinə və ciddi zərər verən növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması və tədbiqi məsələlərinə həsr olunmuşdur. Niyazi müəllim müharibə və əmək veteranı idi. O, «II dərəcəli vətən müharibəsi» ordeni və 8 medalla təltif edilmişdir. N.Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900 böcək növü aşkar edilmişdir ki, onların 16 növü elm üçün, 43 -ü keçmiş SSRİ faunası, 89 - u Qafqaz faunası, 760 növü isə Azərbaycanın faunası üçün yeni olmuşdur. O, ilk dəfə olaraq 430 növün kənd təsərrüfatı bitkilərinə zərər verməsini müəyyən etmişdir. N.Səmədov «İnsan və biosfera» proqramı əsasında Azərbaycanda entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi-tədqiqat işlərinin təşkili və inkişafı, həmçinin də elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Onun rəhbərliyi altında 6 doktorluq və 40-a yaxın namizədlik dissertasiyası hazırlanmış və müdafiə olunmuşdur.

Professor N.Səmədov 200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. O, 15-ə yaxın monoqrafiya, elmi kitabça və məcmuələrin redaktoru olmuşdur. Onun 8 əsəri Avstriya, İngiltərə, FransaÇexoslovakiyada çap olunmuşdur. O, ASE və qırmızı kitabın müəlliflərindən biridir. Onun hazırladığı taxıl, meşə və bəzək bitkilərinin başlıca zərərvericilərinə qarşı mübarizə tədbirləri respublikanın xalq təsərrüfatında tədbiq olunmuşdur. O, dəfələrlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində (Bakı, Kiyev, Moskva, Voronej, Sankt-Peterburq və s.), Fransa, Polşa və Çexoslovakiyada entomologiya və torpaq zoologiyası üzrə keçrilmiş Beynəlxalq konqreslərdə, qurultay, konfrans və sinpoziumlarda dəyərli məruzələr etmişdir.


Mənbə[redaktə]

AMEA-nın Zoologiya institutunun rəsmi saytı/İnstitutun görkəmli alimləri/Tanınmış entomoloqlar